Əlifbamızın ən uğursuz hərfi

Başlığı oxuyanda yəqin düşündünüz ki, söhbət “ə” hərfindən gedəcək. Çoxları hesab edir ki, əlifbamızın ən uğursuz, ən eybəcər hərfi elə “ə” hərfidir. Doğrudanmı belədir? Nəyə görə çoxları onu sevmir və uğursuz sayır?

Əvvəla etiraf edək ki, Azərbaycan əlifbasını tam şəkildə dəstəkləyən samballı şrift çox azdır. Ümumiyyətlə, tərkibində Azərbaycan əlifbasının bütün hərfləri olan şriftlərin əksəriyyəti fərdi şəkildə lokallaşdırılıb, yəni əlifbamıza məxsus hərflər əlavə olunub. Belə şriftlərdə həmən hərflər çox vaxt heç düzgün də çəkilmir, məsələn sedil (cedilla isp.) adlanan “quyruq” əvəzinə vergül, “breve” əvəzinə “crown”, böyük İ hərfində nöqtə əvəzinə inç işarəsi qoyulmuş, kiçik ə hərfi isə sadəcə e hərfini 180° çevirməklə alınmışdır. Şübhəsiz ki bunlar yazının oxunaqlığına və estetik görünüşünə mənfi təsir göstərir. Peşəkar şriftlərdə isə əlifbamızı tam dəstəkləmək üçün adətən yalnız “ə” hərfi çatışmır, bəzən “ş”, “ğ” və “İ”, bir çox hallarda isə Azərbaycan hərf dəstinin heç bir hərfi olmur. Nəzərə alsaq ki, digər hərflərdən (ç ğ ı ö ş ü ) fərqli olaraq “ə”ni düzəltmək üçün nisbətən çox zəhmət çəkmək lazımdır (düzgün düzəltmək dediyimiz təqdirdə), çoxları üçün bu ciddi maneə yaradır və imkanlarını məhdudlaşdırır. Güman edirəm ki, məhz bu səbəblərdən “ə” hərfi uğursuz adını alıb. Lakin oxunaqlıq və estetik görkəm baxımından, düşünürəm ki, bu heç də belə deyil – “ə” digər hərflərdən kifayyət qədər seçilir, sadədir, digər hərflərlə bir sırada durduqda disbalans yaratmır və beləliklə, “ən uğursuz hərf” adına layiq deyil. Fikrimcə ən uğursuz hərf “ı” hərfidir. İlk baxışdan ən doğru variant seçilib – “i”nin nöqtəsi götürülüb və “ı” hərfi hazırdır. Lakin hər şey göründüyü kimi sadə deyil. 2700 illik tarixə malik əlifbada heç bir cız, heç bir nöqtə təsadüfi deyil. Kiçik “i” hərfinin də nöqtəsi bəzək üçün qoyulmayıb, bu kiçik nöqtənin böyük əhəmiyyəti var. Minuskul (kiçik hərflər) yarandıqda kiçik “i”-nin nöqtəsi olmayıb, latın əlyazmalarında nöqtəli “i”yə yalnız XI əsrdən sonra rast gəlmək olar. Bunun səbəbi yazıda “i” hərfini digər hərflərdən asanlıqla fərqləndirmək və yazını daha oxunaqlı etmək idi, əks halda “i” hərfi, yanındakı hərfin bir hissəsi kimi görünür və mətnin oxunmasında çətinlik yaradırdı. Bu problem müasir Azərbaycan mətnlərində asanlıqla müşahidə olunur, məsələn kiçik ölçülü serif tipli (dırnaqlı) şriftlə yığılmış mətnlərdə “lı” bəzən “h” kimi oxunur, “ın” – “m” kimi, “rı” isə “n” kimi, bundan əlavə “fi” və “fı” hərf birləşməsini bəzi şriftlərdə ayırd etmək çətin olur. Bir misal daha: “xanımının” sözündə hərflərin bir-birinə qarışdığı və gözəl sözün “mərdimazar çəpərinə” çevrilməsi açıq-aşkar görünür. Beləliklə bizim düşüncəsiz yeni hərf yaratmaq cəhdimiz bizi min il geriyə atdı və nəticədə biz çoxdan həllini tapmış problemi yenidən ortaya çıxardıq. Lakin bu dəfə onu bir nöqtə ilə çözmək imkanımız yoxdur. Başqa bir şey düşünməliyik…

Advertisements
Bu yazı Belə baxanda kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma