Nabat xalanın çörəyi

“…Səhərlər anam bəzən kürəyimi sürtərdi. Anamın ovcunun içi elə bil Hacımərdan dayının Tbilisidən alıb gətirdiyi paltar şotkasıydı. İynə-iynə… Anamın səsi ovucunun içindən yumşaq idi. Biri kürəyimi dağlayırdı, o biri ürəyimi sığallayırdı.”

Bu misraları Nəriman Həsənzadənin “Nabat xalanın çörəyi” adlı əsərindən oğurlayıb burda qeyd etdim.

Əslində mən Nəriman Həsənzadəni mənalı şerlərin müəllifi kimi, gözəl qələmə sahib bir şair kimi tanımışam. Günlərin birində isə mənə bir əsəri təriflədilər, mən də onu oxumaq istəyərək kitabı tapıb oxudum.

Neriman_Hesenzade

Əvvəla qeyd edim ki, bu povest avtobiqorafik bir əsərdir və müəllifi daha yaxından tanımağa imkan verir.

Bir şeyi də qeyd etməliyəm ki, bu əsərlə maraqlananda öyrəndim ki povesti N.Həsənzadə yazmayıbmış. Özünün dediyinə görə  povest şairin qeydləri əsasında professor Akif Hüseynov tərəfindən yazılaraq ərsəyə gətirilib və jurnalda çap olunub, sonradan isə əsərin digər hissələri də N.Həsənzadə tərəfindən yazılıb və yenə çap olunubmuş.

Neriman_Hesenzade

Düzünü desəm əsər mənə elə də güclü təsir bağışlamadı. Mən bu 3 hissəli əsərdə daha çox 1-ci hissəni, yəni oğlun anası haqqında olan hissləri, uşaqlığı, düşüncələri əks etdirilən hissəni bəyəndim. 1-ci hissə kimi olmasa da 2-ci hissəni də bəyəndim. Burda Qiyamın sevdiyi qızla, nişanlısıyla olan tanışlıq, sevgi, utancaqlıq və s. kimi hisslər əks olunur.

“…Sözə adətən qulaq asarlar, Fərəh mənim sözlərimi içirmiş. Məst olmuşdu… …Fərəh elə bil təbiət idi. Yağışı, çiçəyi, günəşi, mehi ilə birlikdə. Təbiət balaca bir otağa sığışmışdı.”

Amma 3-cü hissəni nə yalan deyim, sevə bilmədim. Məni bir az sıxdı. Ola bilsin ki, mən qızam və əsgərlik xatirələri məni də elə də cəlb etmədi. Ola bilsin ki mən əsərin sonunda daha başqa şeylər gözləyirdim. Misalçün nişanlısıyla olan sonrakı həyatını… Bu hissəni oxuduqca mənə gəldi ki sanki əsərdə sovet abu-havası süni şəkildə yer alıb. Ola bilsin ki, o vaxtın senzurası bunsuz çapa icazə vermirdi. Ola bilsin ki yanılıram, amma məncə 3-cü hissəni pozan da elə bu oldu.

Amma ana ilə bağlı olan o birinci hissə həqiqətən də adamın könlünə toxuna bilir. Təsirlənirsən, üzülürsən. Bir tərəfdən də istəyirsən ki, səhər obaşdanlıqdan oyanıb, Nabat xalanın o çörəyi bişirməsini izləyəsən, o çörəkdən dadasan. Onun şələ bacılarıyla birlikdə oduna da gedəsən…

“Sabah yenə bizim qapıda 3 ocaq yanasıydı: dan ulduzu, anamın sacı, günəş. Mən də onların yanında – qollarım üstündə isti buğda çörəyi”

Belə götürəndə şəxsən mənimçün əsərdə elə bir dəhşət hadisə əks olunmayıb ki, sarsıtsın. Buna görə də yenə də qeyd edirəm, şəxsən mənə görə böyük təsir gücünə malik olmadı. Düşünürəm ki görəsən nə üçün əsərdə Qiyam əsgərlikdə ikən anasının ölməyi hadisəsi güclü yer almayıb. Bəlkə də bu dolğun şəkildə ifadə olunsaydı daha da təsirli olardı. Amma yəqin ki, bunun mübahisəsi mənə düşməz, bunu tələb eləməyə heç haqqım da çatmaz.

Texniki tərəfdən isə əsərin yazılışına, qaydasına bir söz deyə bilmərəm. Bununçün savadım mənə yol vermir. Amma bir oxucu kimi istərdim qeyd edim ki, bəli, əsər axıcıdır, aydındır, amma bəzən də qarşıma çıxan 2-3 sözlü cümlələr xoşuma gəlmirdi. Elə bil söz sınırdı, kəsik qalırdı, yarımçıq qalırdı. Nə bilim mənə belə gəldi. Amma əsərdə çox xoşuma gələn mənalı cümlələr, ifadələr var.

Son vaxtlarda olan müsahibələrinin birində oxudum ki, şairin əsərin ardını yazmaq fikri var. Onu oxumaq istərdim, çünki əsərdə o ardı gözləmişdim. Uğurlar!

 Hörmətlə.

Xahiş olunur ki, şərh yazarkən öz hərflərimizdən (ə, ı, ç, ş, ü, ö, ğ, İ) istifadə edəsiniz.

Advertisements
Bu yazı Oxuduqlarımdan. kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Nabat xalanın çörəyi üçün 2 cavab

  1. habily dedi ki:

    Çox sağolun xanım…Nabat həm də anamın adıdır…Minnətdaram

  2. shebnem dedi ki:

    Bütün anaların qarşısında baş əyirəm 🙂

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma