Pulitzer bilirdimi?

İnsan sevdiyi bir işlə məşğul olmalıdır. Bu zaman insanın uğur qazanma şansı da böyükdür. Amma, fikir verirsən ki, biz insanlar bəzən həmin işin gətirdiyi balaca sevinclərlə yetinməyib, daha da çox uğur, şöhrət qazanmaq, adlı-sanlı olmaq, məşhur olmaq, zirvələri fəth etmək, çoxlu pul qazanmaq və s. kimi hisslərin əsiri oluruq. Əslində irəliyə getmək, şanslı olmaq, şöhrət qazanmağı istəmək pis şey deyil. Amma çalışmalıyıq ki, bu zaman qarşımıza çıxan imtahanlardan da haqqla keçək. İnsanlığımızı, insafımızı itirmədən, mənəviyyatımızı parçalamadan, təmiz hisslərimizi də ləkələmədən. Əgər “ruhumu şeytana satıb” şöhrət qazanacağamsa, imanımla, insafımla yaşayım, şöhrət qazanmasam da olar. Hər halda təmiz ürəkdən gələn, haqla görülmüş düzgün işlər axır-əvvəl mütləq öz tamaşaçısını tapacaqdır. Şan-şöhrət bu gün var, sabah yoxdur. Amma, bilmirəm şöhrət eşqimidir, yoxsa nədir, səhv işlər də görənlər olur. Bəzən o səhvlərin nəticəsi adamı buraxmır. Misal üçün elə fotoqraf Kevin Karterin yaşadıqları kimi.

Eddi Adams deyir ki, şəkil yer üzərində olan ən möhkəm silahdır. Karter də özünü öz silahı ilə vurdu.

Qısaca qeyd edim ki, məşhur “Sudanda aclıq” fotosunun müəllifi K.Karter CAR-dan olan bir fotoqraf idi. 1993-cü ildə Sudanı aclıq faciəsi bürüdüyündə  o oraya şəkillər çəkməyə yolalanmışdı. Getdi də, çəkdi də. Elə şəkil çəkdi ki, şöhrət qazandı da. Arzu belə edə bilmədiyi hədiyyə də aldı – Pulitzer mükafatı. Belə ki, o “Sudanda aclıq” adlı şəklində heç kimin- nə özünün, nə də başqalarının tanımadığı bir qızcığazı əks etdirmişdi. O kənddə aclıqdan tələf olan insanları, cəsədləri çəkdikdən sonra kəndi tərk edərkən kolluq bir yerdə bir uşaq səsi eşidir. Görür ki, taqətsiz bir qız çömbəlib və hıçqırır. O qız uşağı acdır və son nəfəsindədir.

Fikir verin ki, orda kərkəs quşu da dayanıb. Dayanıb ki, şikarını ovlasın. Gözləyir ki, qız nə vaxt öləcək… Karter isə bu kadrları lentə alıb ordan uzaqlaşır. Halbuki qıza yardım edə bilərdi. Çünki yaxınlıqda yardım düşərgəsi mövcud idi. Hər halda düşərgə belə olmasa da bir uşaq nə böyük yükdür ki, onu aparıb içirdəsən, doyurdasan, sonra  vicdanın da sızlamaya?! Beləcə, onun da vicdanı sızladı. Elə sızladı ki, özünün də dediyi kimi, onu təqib edən yaralı, xəstə uşaqlarla bağlı acı xatirələrə dözə bilmədi. Mükafatı aldıqdan 2 ay sonra (1994-cü il 27 iyul) o özünə qəsd elədi. Canlını şəkildə yaşadıb, cansızlığa düçar etmək – buna dözmək çox çətin oldu.

Onu bu şəkildən dolayı hədiyyələndirdilər. Düzdür, bu onun gördüyü bir işdir və bu işin müqabilində hədiyyələndirilirsə, bu da təbiidir. Amma, ilk vaxtlar heç deyən olmadı ki, sən nə üçün o uşağa yardım əli uzatmadın- niyə ona bir tikə çörək, bir stəkan su vermədin; niyə onu yardım düşərgəsinə çatdırmadın? Hamı onu alqışladı, onun şanı-şöhrəti aləmə yayıldı. Afrikada faciəydi, camaat acından qırılır, bir çox rejissorlar, jurnalistlər, operatorlar, fotoqraflar və s. şəxslər bundan dolayı məşhurluq tapdılar, pul, şan qazandılar. Ürəyi daş olanlar sevindi. Karter isə… Əslində heç bilmirəm onu necə adlandırım. Karterin hədiyyələndirildiyi vaxtlarda hamı onu alqışlayırdı, amma sonralar çoxları bu hadisədən dolayı artıq öz narazılıqlarını bildirirdilər. Lənətlər, bəd dualar, kinayələr… Taym jurnalı qeyd etmişdi ki, “onun həmin yırtıcı quşdan heç bir fərqi yoxdur.” Uşaq da ac, quş da ac, fotoqraf da.

Əlbəttə ki, acı bir hadisədir. Düşündükcə ağlımın heç bir yerində belə bir hadisəni sığışdıra bilmirəm ki, bilmirəm. İstər o uşağın, istərsə də fotoqrafın yaşadıqları böyük təsir bağışlayır.

Rejissor Syuzan Ceykobson belə bir mövzuda təxminən 6 dəqiqəlik qısametrajlı bir film də çəkib. Baxırsan, təsirlənirsən.

Belə götürəndə səhvlər də biz insanlara məxsusdur. İnsan öz təcrübəsindən yola gələrək deyir ki, bəzən gözünün önündə elə hallar baş verir ki, donub qalırsan. O an nə etməli olduğunu, nə edəcəyini bilmirsən, başa düşmürsən və bir anda olan olur, keçən keçir. Bir səhv, bir yalnış! Gərək biz insanlar gərək səhvlərimizdən dərs götürək. Hər əməlimizdən dolayı mütləq cavab verəcəyik, sadəcə olaraq geci-tezi var. Ən böyük cəzalardan biri də vicdanımızın bizə verdiyi cəzadır. Bununla yaşamaq isə çox çətindir. Vicdanımız təmiz olsun!

Hamıya işlərində uğurlar arzu edirəm, o uğur, ki, onu heç kimi tapdalayıb qazanmamasın; nəaliyyətlər, hansı ki, onları xeyirli dualarla əldə etmisən və zirvələr diləyirəm, o zirvələri ki, onları halal zəhmətinlə, haqqınla fəth etmisən.

Xahiş olunur ki, şərh yazarkən öz hərflərimizdən (ə, ı, ç, ş, ü, ö, ğ, İ) istifadə edəsiniz.

Advertisements
Bu yazı Belə baxanda kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Pulitzer bilirdimi? üçün 7 cavab

  1. shebnem dedi ki:

    Düzdür mən demirəm ki, bu super çəkilib, əlbəttə ki, daha da təbii çəkilə bilərdi. Amma hər halda belə düşünürəm ki, rejissor 5 dəqiqəlik bir filmdə demək istədiyini deyə bilib.

  2. rufatahmad dedi ki:

    Şəkil əhvalatından xəbərim var. Amma, bu cür təsirli və mənalı bir yazı yazmaq ağlıma gəlməyib. Bacardınız. Afərin!

  3. Şəbnəm dedi ki:

    Təşəkkürlər:)
    Yəqin ki, məncə təsirli hadisələrdən doğan yazılar da təsirli olmalıdır. Mən də çalışdım, düşüncələrimi bölüşdüm.

  4. obrazlar dedi ki:

    Karterin foto əhvalatından xəbərim var idi. Lakin özünə qəsd etməsini bilmirdim. Mən bu hadisəni eşidəndə çox pis olmuşdum.

  5. Şəbnəm dedi ki:

    Həqiqətən də xoş olmayan, pis olunası hadisədir.

  6. Coenni dedi ki:

    Bir çox informasiya tanış olsa da, ideal yazı idi. Axarınca olsun.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma